anadilim.az
anadilim.az

Gürcüstanın Azərbaycandilli məktəblərində kadr problemi

8-06-2019, 12:07 47 dəfə baxılıb

Gürcüstanın Azərbaycandilli məktəblərində kadr problemi

Gürcüstan hökuməti təqaüd yaşına çatan məktəb müəllimləri ilə bağlı yeni islahat paketi hazırlayıb. Sənədə əsasən, həmin müəllimlər öz istəkləri əsasında təqaüdə çıxa biləcək və bunun müqabilində dövlətdən birdəfəlik pul mükafatı alacaqlar.
Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin hazırladığı layihədə qeyd olunub ki, təqaüd yaşlı müəllimlərə təqdim olunacaq pul mükafatı onların iki illik əməkhaqqına bərabər olacaq. Bu gün Gürcüstanda dövlət məktəblərində müəllimlərin orta aylıq maaşı 1 000 lari (təxminən 360 dollar) təşkil edir. Pul mükafatından başqa müəllimlərin tibbi sığortası onların ömürlərinin sonuna qədər qüvvədə saxlanılacaq.
Qonşu ölkənin dövlət məktəblərində 57,4 mindən çox müəllim çalışır. Təhsil, elm, mədəniyyət və idman nazirinin müavini İrina Abuladze bildirib ki, müəllimlərin 20 minə yaxını təqaüd yaşlıdır. O qeyd edib ki, artıq 5 mindən çox müəllim pul mükafatı müqabilində təqaüdə çıxmaqla bağlı qərar qəbul edib.
Gürcüstanın Azərbaycandilli məktəblərində çalışan müəllimlərin əksəriyyətinin təqaüd yaşında olmalarını nəzərə alaraq, “Report”un yerli bürosu bu islahatın həmin məktəblərə mümkün təsirini araşdırıb.
Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının sədri Səadət Zeynalqızı “Report”a bildirib ki, azərbaycanlıların sıx yaşadıqları Marneuli, Dmanisi, Bolnisi və Qardabani rayonlarında artıq 250-yə yaxın müəllim təqaüdə çıxmaqla bağlı qərar qəbul edib.
Onun sözlərinə görə, həmin rayonlarda, təxminən, 6 minə yaxın müəllim var ki, onların da 60-70%-ni təqaüdçüdür.
S.Zeynalqızı hesab edir ki, yüzlərlə müəllimin könüllü olaraq təqaüdə çıxması Azərbaycandilli məktəblərdə kadr çatışmazlığı problemini daha da kəskinləşdirəcək: “Bu problem daha çox Azərbaycan dili və ədəbiyyatı, dəqiq elmlər üzrə yaşanır. Gürcüstanın ali məktəblərində Azərbaycan dili və ədəbiyyatı fakultəsi yoxdur. Universitetlərdə 3 minə yaxın azərbaycanlı tələbə təhsil alır. Onlar da əsasən hüquq, maliyyə, biznes, ingilis və gürcü dilləri üzrə oxuyurlar”.
Məsələyə münasibət bildirən Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri Kənan Ömərov “Report”a açıqlamasında qeyd olunan islahatı təqdirəlayiq adlandırıb. O bildirib ki, 2019-cu ilin sonuna qədər davam edəcək bu yenilikdən sağlamlıq imkanlarına görə artıq müəllim kimi çalışa bilməyən şəxslər də yararlanacaqlar: “Prosedura əsasən, layiqli təqaüdə çıxmaq arzusunda olan müəllimlər bu barədə çalışdıqları məktəblərin rəhbərliyinə müraciət edirlər. Həmin sənədlər daha sonra təhsil resurs mərkəzlərinə təqdim olunur. Bu günə qədər Marneuli Təhsil Resurs Mərkəzinə 100-ə yaxın müraciət daxil olub və bu göstərici yalnız Azərbaycandilli deyil, gürcü, erməni və rus dilli məktəbləri də əhatə edir”.
K.Ömərov vurğulayıb ki, hələ tədris ili davam edir və müəllimlərin indi təqaüdə göndərilməsindən söhbət gedə bilməz.
Mərkəz rəhbəri Marneuli rayonunda təqaüd yaşına çatan orta məktəb müəllimlərin sayının yetərincə çox olduğunu deyib: “Təqaüd yaşına çatan müəllimlərin işdən çıxmaları Azərbaycandilli məktəblərdə ciddi kadr çatışmazlığına səbəb olmayacaq. Vakant yerlərə müsabiqə elan olunacaq, ali təhsilli və müəllim peşəsinə sahib hər bir şəxs müsabiqədə iştirak edə biləcək. Gürcüstanın ali məltəblərində çoxlu azərbaycanlı gənc təhsil alır. Bizim mərkəzə müraciət edənlər arasında həmin gənclər çoxluq təşkil edir. Gələcəkdə məktəblərdə kadr çatışmazlığı ilə qarşılaşmayacağıq”.
K.Ömərov həmçinin qeyd edib ki, müəllimlər üçün keçirilən imtahanları verə bilməyən pedaqoqlar işdən azad olunmur: “Son üç il ərzində müəllimlər il ərzində yalnız bir dəfə imtahan verə bilirdilər. Bu il isə onlar üçün iki dəfə imtahan vermək imkanı yaradılıb. Bununla yanaşı imtahanda iştirak etmək istəyən müəllimlər üçün Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi hazırlıq kursları da təşkil edir”.
Tbilisidəki Mirzə Fətəli Axundov adına 73 saylı Azərbaycandilli orta məktəbin Azərbaycan dili və ədəbiyyatı, gürcü dili və ədəbiyyatı müəllimi, 62 yaşlı Leyla Babayeva “Report”un yerli müxbiri ilə söhbətdə hökumətin yaşlı müəllimlərin pul mükafatı əsasında təqaüdə göndərilməsi ilə bağlı təşəbbüsünü müsbət qoymətləndirib.
Pedaqoq hesab edir ki, bu islahatdan daha çox 70 yaşdan yuxarı olan müəllimlər yararlanacaqlar: “Bu yaşda olan müəllimlər keyfiyyətli dərs keçə və interaktiv metodlardan istifadə edə bilmirlər. Gələcək nəslə keyfiyyətli təhsil verilməlidir. Müəllimlik peşəsinə marağı olan savadlı gənclərimiz çoxdur. Sadəcə onlara yol açmaq lazımdır”.
L.Babayeva bölgələrdəki məktəblərdə yaşlı müəllimlərin üstünlük təşkil etdiyini bildirib: “Bəzi məktəblərdə ibtidai sinif müəllimləri 84-85 yaşındadırlar. Yaşlı müəllimlərin əksəriyyəti yeniliyi qəbul etmək istəmir. Lakin onlar vəziyyətə real baxmalı və yerlərini gənc kadrlara verməlidirlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA AZƏRBAYCANLILARI
LÜĞƏTLƏR