anadilim.az
anadilim.az

Dilimizə sevgi ilə

8-06-2019, 12:12 19 dəfə baxılıb

Azərbaycan dilini tələbələrimə necə öyrədirəm

Dilimizə sevgi ilə

Hər bir millətin, xalqın dili onun milli təfəkkürünün, həyat tərzinin, ağıl və düşüncəsinin, ruhunun sözlərlə ifadəsidir. Ona görə də insanlar mənsub olduqları millətin, xalqın dilində bir-birləri ilə ünsiyyətdə olanda, danışanda, fikir mübadiləsi edəndə arzu və istəklərini daha rahat və dolğun ifadə edə bilirlər.
Dünyada hər bir millətin, xalqın özünəməxsus ana dili olduğu kimi, bizim də doğma ana dilimiz Azərbaycan dilidir. Yaşı minillikləri geridə qoyan, “Kitabi-Dədə Qorqud” kimi möhtəşəm bir abidəyə, zəngin klassik ədəbiyyata, Şərqin bütün elmi-fəlsəfi, dini biliklərini özündə ehtiva edən Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və Şah İsmayıl Xətai kimi dünyaşöhrətli söz-sənət korifeylərinə sahib olan Azərbaycan türklərinin dili dünyanın ən zəngin və inkişaf etmiş dilləri sırasında öz layiqli yerini tutmaqla, Qafqazda və Orta Şərqdə, təxminən, 50 milyon insanın ünsiyyətdə olduğu çox geniş bir arenada yayılmış və yüksəlmişdir.
Ana dilimizi sevmək, qorumaq, onun qayğısına qalmaq hər bir Azərbaycan vətəndaşının ümdə borcudur. Dilimizin inkişafının təmin edilməsi, saflığının, təmizliyinin qorunması ümummilli liderimiz Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin həmişə diqqət mərkəzində olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci ildə imzaladığı Fərmana əsasən avqust ayının 1-nin ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilməsi buna real sübutdur.
Dərs dediyim tələbələrə ensiklopediyalardan, müxtəlif kitablardan, internet səhifələrindən istifadə etməklə, bu tarixi günlər haqqında geniş məlumat verirəm. Onlar öyrənirlər ki, dünyada bir çox əlifbalar var: ərəb, latın, kiril, hind və s. Bir çox Avropa xalqları, o cümlədən türk qardaşlarımız da latın əlifbasından istifadə edirlər.
Dərs prosesində tələbələrimə bildirirəm ki, ilk dəfə dil açanda “ana” kəlməsi söyləyirik, bizim ilk dərsliyimiz də “Ana dili” adlanır. Analarımız bizə layla çalanda bu dilin şirinliyini damla-damla ruhumuza hopdurub. Ulu babalarımızın bizə qoyub getdiyi ən qiymətli miras da ana dilimizdir. Bu dili gözlərimiz tək qorumalı, bizdən sonra gələn nəsillərə ötürməliyik.
Sonra “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə ulu öndər Heydər Əliyevin imzaladığı 2 yanvar 2003-cü il tarixli Fərmanından onlara danışıram. Həmçinin 21 fevral-Beynəlxalq Ana Dili Günü və 1 avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar tarixi günlərin qeyd olunma səbəblərini şərh edirəm. Dərs dediyim qruplarda yeri gəldikcə “Mənim ana dilim” mövzusunda inşa yazı yazdırır və qiymətləndirmə aparıram.
Tələbələrimlə “Mənim ana dilim” mövzusunda debat, yaxud diskussiya keçirirəm. Bildirirəm ki, bəzən elə azərbaycanlılarla rastlaşırıq ki, onlar öz doğma ana dilində düzgün danışa bilmirlər. Hətta danışmaq üçün cəhd də etmirlər.
Dil bilmək yaxşıdır. Bu baxımdan hər bir kəs istədiyi xarici dili öyrənə və ondan yeri düşəndə istifadə edə bilər. Bu, insanın intellektinin yüksək olmasına dəlalət edir. Lakin xarici dilləri bilmək heç də öz ana dilimizə laqeyd qalmaq, ondan istifadə etməmək üçün əsas ola bilməz. İnsan nə qədər dil bilməsindən asılı olmayaraq öz vətənində, onu əhatə edən soydaşları ilə ünsiyyətdə olanda doğma dilində danışmalıdır. Bu fikirləri tələbələrimə çatdırmaqla bir tərəfdən onlarda dilimizə sevgi, digər tərəfdən də ana dilinə xor baxanlara qarşı barışmazlıq hissi aşılayıram.
Dilimizi tələbələrə sevdirməyin yolu, fikrimcə, dili onlara mükəmməl öyrətməkdir. Mən bunu nəzərə alıb tədris etdiyim Azərbaycan dili dərslərində tələbələrə dilimizin qayda-qanunlarını, xüsusən orfoqrafiya və orfoepiya qaydalarını da dərindən öyrətməyə çalışıram.
Həm də ana dilimizi sevmək, onun qayğısına qalmaqla əlaqədar görkəmli söz ustalarının, mütəfəkkirlərin ibrətamiz fikirlərini tələbələrimin diqqətinə çatdırıram. Məsələn, Nəriman Nərimanovun “Ana dili! Nə qədər rəfiq və nə qədər ali ürək hissləri oyandıran bir kəlmə! Nə qədər möhtəşəm, müqəddəs, nə qədər uca bir qüvvə!... türk (azərbaycanlı) balası heç vaxt razı olmaz ki, ana dilinə xəyanət etsin”, Ömər Faiq Nemanzadənin 1909-cu ildə yazdığı “Məhəbbətlərimizin ən üst qatına dil məhəbbətini çıxarmalıyıq. Dilimizi sevmək hamımızın ən birinci müqəddəs borcu olmalıdır” kimi fikirlərini deməklə yanaşı, böyük şairimiz Bəxtiyar Vahabzadənin məşhur “Ana dili” şeirindən bir parçanı misal çəkirəm.

Dil açanda ilk dəfə
“Ana” söyləyirik biz.
“Ana dili” adlanır
Bizim ilk dərsliyimiz.

Bu dil bizim ruhumuz,
Eşqimiz, canımızdır,
Bu dil-bir-birimizlə
Əhdi-peymanımızdır.

Görkəmli söz ustalarının fikirlərini, şeirlərini söyləyən zaman bir filoloq kimi ilk öncə dərsdə özümün natiqlik məharətimi göstərirəm. Sonra yüksək pafosla, emosionallıqla bir aktyor kimi obraza girərək, daxili ruhi və mənəvi hissləri yaşadaraq, qarşımdakı auditoriyaya təsir göstərir, tələbələrimin qəlbinə nüfuz edirəm. Həm də müxtəlif əsərlərdən bədii parçaları, şeir nümunələrini ifadəli şəkildə oxutdurmaqla, onlara Azərbaycan dilini daha dərindən öyrətməyə səy göstərirəm.

Şakir CƏFƏROV,
filologiya üzrə fəlsəfə doktoru, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi

"Azərbaycan müəllimi"






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA AZƏRBAYCANLILARI
LÜĞƏTLƏR