anadilim.az
anadilim.az

Dil hər bir millətin milliliyinin əsasıdır

12-06-2019, 13:56 20 dəfə baxılıb

Dil hər bir millətin milliliyinin əsasıdırGörkəmli şəxsiyyətlərin ana dili haqqında söylədikləri fikirlər:

Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir. Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur.

Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, müasir Azərbaycan dilini ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik.

Heydər Əliyev,
Ümumilli lider

Ərəb və fars kəlmə və ibarələrinin şövq və həvəsində olub, ehtiyac olmadığı halda onları ana dilinə qatıb-qarışdırmaq, bizim əqidəmizə böyük səhvdir. Vaxta ki, ana dilində şeyin özünün məxsusi adı var və yaniki ana dili ilə birmənalı bəyan etmək və bir əhvalatı necə ki, lazımdır söyləmək mümkün olur, insaf deyil ki, elm göstərmək və “mollalıq” izhar etmək iddiatına düşüb, kəlamı qəliz ibarələrlə və çətin anlaşılan ərəb və fars sözləri ilə doldurub, əsil mənanı daha da dərinə salmaq və onun üzünə qəliz ibarələrdən toxunmuş pərdə çəkmək. Dil nə qədər açıq, sadə olsa bir o qədər gözəl, göyçək və məqbul olar.

Firidun bəy Köçərli,
Görkəmli ədəbiyyat maarifçisi, pedaqoq

Ana dili! Bir dil ki, mehriban bir vücud öz məhəbbətin sənə bu dildə bəyan edir. Bir dil ki, sən hələ beşikdə ikən bir lay-lay
şəkilində öz ahəng və lətafətini sənə eşitdirib, ruhun ən dərin guşələrində nəqş bağlayıbdır.

Nəriman Nərimanov
İctimai-siyasi xadim, yazıçı

Bizim yəqinimizdir ki, dili dolaşıq şəxsin fikri də dolaşıqdır. Doğru və salamat fikirli adamların kəlamı həmişə aydın, açıq və düzgün olur.

“Molla Nəsrəddin” jurnalından

Bədii dil xalqın mənəvi sərvəti olmaqdan əlavə insanların fikrini, hissiyyatını, zövqünü tərbiyə edən çox güclü vasitədir. Söz qiymətli daşlar kimidir. Bu daşları yaxşı yonub, cilalandırıb ən şərəfli sarayların mərmər divarlarını bəzəmək üçün işlədirlər. Bədii dil xalqın mənəvi sərvəti olmaqdan əlavə,
insanların fikrini, hissiyyatını, zövqünü tərbiyə edən çox güclü vasitədir.

Mirzə İbrahimov,
Xalq yazıçısı, dramaturq

Düşüncəsi, ağlı sağlam olan kəs,
Lüzumsuz sözləri söyləməz əbəs.
Qızışanda dili səbr etsə bir az,
Tutduğu işindən peşiman olmaz.

Nizami Gəncəvi,
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair

Dil könüllər fəth edən
Böyük insan gücüdür
Dili qiymətdən salar
Ucuz söz, hiylə, böhtan.
Elə saxla dilini,
Nə dil səndən utansın,
Nə sən dilindən utan.

Rəsul Rza,
Xalq şairi

İnsanın şərəfinin bir dəlili də nitqidir. Lazımdır ki, hər kəs elə danışsın, elə yazsın ki, onu mümkün mərtəbədə avam da başa düşsün... Həqiqət, qəzetə camaat üçündür, camaat qəzetə üçün deyildir.

Həsən bəy Zərdabi
Azərbaycanın görkəmli nümayəndəsi, alim

Ana dili məhv olarkən, xalq artıq yox olur... Xalqın ağzında dili hələ yaşadıqca xalq da yaşayır. Xalqın əlindən onun əcdadının yaratdığı saysız-hesabsız mirası almaq istəyən zorakılıqdan dözülməz zorakılıq yoxdur. Xalqın əlindən hər şeyi alsanız, o, onların hamısını qaytara bilər: lakin onun dilini alın, heç vaxt bir daha onu yarada bilməz; xalq hətta özünə yeni vətən belə yarada bilər, lakin dili heç bir zaman yarada bilməz, xalqın ağzında dili ölsə, xalq da öldü.

K.D.Uşinski
pedaqoq

Nədir dil ağzında, ey ağlı olan,
Hünər xəzinəsinə açardır inan.
Əgər bağlı olsa kim anlar ki,
O, Cavahir satandır, ya muncuq satan.

Sədi Şirazi
Qəzəl janrının görkəmli nümayəndələrindən biri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA AZƏRBAYCANLILARI
LÜĞƏTLƏR