anadilim.az
anadilim.az

Ana dilimiz qürur mənbəyimizdir

18-06-2019, 10:48 26 dəfə baxılıb

Ana dilimiz qürur mənbəyimizdirAzərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil status almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilən haqsızlıqların, təzyiq və təhriflərin nəticələrinin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. Dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir.

Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, müxtəlif problemlərlə qarşılaşmışdır. O xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi
qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu bizim müqəddəs vətəndaşlıq borcumuzdur.

Dilimizin təbliği, onun qorunması bütün kitabxanaların başlıca vəzifələrindən biridir. Kitabxanalarda bununla əlaqədar bir sıra tədbirlər həyata keçirmək mümükündür. Əgər məqsədimiz uşaqlara öz ana dillərini sevdirmək, ona hörmətlə yanaşmağı öyrətməkdirsə, ilk əvvəl biz kitabxanaçılar bəzi məsələləri nəzərə almalıyıq. Əgər kitabxanaçı öz nitqini düzgün, gözəl, ifadəli qurursa, izah edəcəyi müddəaları aydın, xoşagələn ifadələrlə açıqlayırsa, onun informasiyası, səs tonu, mimika və jestləri fikrin düzgün çatdırılmasına istiqamətləndirilirsə, həmişə öz böyük məsləhətçisinə bənzəmək istəyən uşaq onun bütün hərəkətlərini özündə əks etdirməyə çalışacaq və beləliklə, dilimizin zəngin incəliklərindən yerli-yerində istifadə edə biləcək. Təcrübələrdən belə qənaətə gəlmək olar ki, kitabxanaçının düzgün qurulmuş nitqi uşaqlarda böyük maraq oyadır.

Azərbaycan ədəbiyyatında bir çox sənətkarlarımızın yaradıcılığında ana dili mövzusuna geniş yer verilmişdir. Nəriman Nərimanov, Yusif Vəzir Çəmənzəminli, Əli bəy Hüseynzadə, Əli Nəzmi, Ömər Faiq Nemanzadə, Cəlil Məmmədquluzadə öz yaradıcılıqlarında ana dili mövzusuna
müraciət etmişlər. Kitabxanaçı tərəfindən oxucuları həmin sənətkarlarımızın doğma dilimizə həsr etdikləri əsərlər barədə məlumatlandırmaları məqsədə uyğundur. Ana dilimizlə əlaqədar müxtəlif problemləri öz əsələrində əks etdirən bir neçə yazıçımız
haqqında məlumatı sizə təqdim edirik.

Y.V.Çəmənzəminli ana dilimizlə bağlı bir sıra məqalələrin müəllifidir. Yazıçının əsərləri 2005-ci ildə 3 cilddə nəşr olumuşdur. Kitabın üçüncü cildində yer alan məqalələr arasında dil haqqında məqalələr öz əksini tapmışdır. “Dil məsələsi”, “Əcəmilik möhürü və onunla mübarizə” adlı məqalələr ana
dilimizə həsr olunub. Hər iki məqalədə dilimizin kökünün daha yaxşı öyrənilməsi məsələsi ilə yanaşı, yazıçılarımızın anlaşıqlı dildə yazmaları, əhalinin dil cəhətdən maarifləndirilmələri tövsiyə olunur. Yazıçı həm də uşaqların ana dilində oxuyub yazmamalarından, yazıçıların farsca yazmalarından, hətta adi cəmiyyət üzvlərinin sənəd və məktub yazdıqları zaman belə fars dilinə müraciət etmələrindən şikayət edir.

Ana dilimizlə bağlı yazıb-yaratmış yazıçılarımızdan biri də Əli bəy Hüseynzadədir. Əli bəy Hüseynzadənin Azərbaycanın amalına həsr etdiyi məqalələri içərisində ana dili ilə bağlı olanları xüsusilə oxucularda maraq doğurur. “Qəzetimizin dili haqqında bir neçə söz”, “Türklər kimdir və kimlərdən ibarətdir?”, “Gözüaçıq tacirlərimizə xitab”, “Yenə dil müşkülatı”, “İngilis əşarı türk dilində” kimi məqalələrdə yazıçı dilimizlə bağlı müxtəlif problemlərə toxunur. Yaradıcılığında ana dilimizə geniş yer verən sənətkarlardan danışarkən C. Məmmədquluzadənin adını çəkməmək qeyri-mümkündür.
C. Məmmədquluzadənin “Azərbaycan” məqaləsində də ana dilimizdən söhbət açılır. Məqalədən bir parçanı sizə təqdim edirik:

– Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram. Özümdən soruşuram ki:
– Mənim anam kimdir?
– Öz-özümə də cavab verirəm ki:
– Mənim anam rəhmətlik Zəhrabanu ana idi.
– Dilim nə dilidir?
– Azərbaycan dilidir.
– Yəni vətənim haradır?
– Azərbaycan Vilayətidir.
Dramaturqun “Anamın kitabı”, “Dəli yığıncağı”, “Danabaş kəndinin məktəbi” əsərləri ana dili ilə bağlı əsərlərdir. Cəlil Məmmədquluzadənin əsərləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilinə latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar
2004-cü il tarixli sərəncamı ilə nəşr olunmuş və kitabxanalara hədiyyə olunmuşdur. Kitabın nəşri dörd cilddə həyata keçirilmişdir. Adını çəkdiyimiz əsərlər kitabın birinci cildində yer almışdır. Bu cild 2004-cü ildə “Öndər nəşriyyat ” tərəfindən Bakıda çap olunmuşdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA AZƏRBAYCANLILARI
LÜĞƏTLƏR