anadilim.az
anadilim.az

Azərbaycan dili bizim varlığımız və sərvətimizdir

18-06-2019, 10:44 22 dəfə baxılıb

Azərbaycan dili bizim varlığımız və sərvətimizdir21 fevral Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.

Mənim ana dilim Azərbaycan dilidir. Bu dil məni dünyaya gətirən anamın dilidir, üzərində boy atıb böyüdüyüm Vətənimin dilidir, Azərbaycan Respublikasının dövlət dilidir.
Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.

Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir. Mənim ana dilim! Bu, o dildir ki, analarımız bizə beşik başında həyatın ən həzin simfoniyası olan laylanı bu dildə demişdir. Bu, o dildir ki, Füzuli eşqi, Nəsimi dözümü, Vurğun şirinliyi, Üzeyir dünyası bu dildə ifadə olunmuş, zaman-zaman qanımıza, canımıza hopmuşdur.

Ana dili bizim müqəddəs sərvətimiz, anamızın dilidir. Ana dili ömrümüzə məna verən, onu gözəllədirən əxlaq dərsliyidir. Ana dili adicə bir ifadə deyil, ürəklərə hərarət gətirən, insanı öz keçmişinə bağlayan, gələcəyə səsləyən mənəvi xəzinədir. Ana dili bizim kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımızdır.

Azərbaycan dili həm qüdrətli və gözəl, həm də mənalı və şirin dildir. Bu dil ən mürəkkəb fikirləri ifadə etməyə, ən obrazlı epizodları çatdımağa qadir bir dildir.

Səni şəfəq bildim bu cahanda mən,
Bəzən şimşək olub qəzəblə çaxdın.
İlk dəfə dünyaya göz açanda mən,
Qəlbimə günəşin özüylə axdın.

Dil yalnız ünsiyyət yaratmır, mədəniyyətləri, xasiyyətləri, tarixi, insani keyfiyyətləri və soykökü təyin edir.
Dilsiz insan susuz səhralara bənzər. İnsan hələ körpə ikən dilin vasitəsilə ana laylasındakı doğmalığı duyur, hiss edir, eşitdiyi nağıllardakı hər sözün, hər ifadənin necə səsləndiyini cəhd edir.

Azərbaycan dili Azərbaycan xalqının varlığıdır. Min ildən artıq tarixi olan bu dildə nə qədər gözəl əsərlər yaranmış, nə qədər hikmətli fikirlər söyləmişdir. Azərbaycan dili haqqında yazıçı Mirzə İbrahimovun fikri çox maraqlıdır. O yazır: “Azərbaycan dili qanadlı xəyalları, coşqun ehtirasları, dərin fikirləri ifadə edə bilir. Eyni zamanda bu dil gözəldir, cazibədardır, şerlə, ahənglə, musiqi ilə doludur.”
İnsan həyatında dil qədər lazımlı, dil qədər ecazkar bir şey yoxdur. Çünki məhz dilin köməyilə biliklərə yiyələnir, onun vasitəsi ilə öz sevinc və arzularımızı, sevgi və məhəbbətimizi, qəzəb və nifrətimizi bildiririk.

Ana dili insan şəxsiyyətinin inkişafının əsasını təşkil edir. Yəni hər bir kəs ömrünün axırınadək dilinə arxalanır.
Azərbaycan dili əsrlər boyu inkişaf edərək zamanlardan süzülə-süzülə gəlmiş, kamil bir dilə çevrilmişdir. Bu incə və lətafətli dil bütün dövrlərdə öz gözəlliyi və şirinliyi ilə dünya dillərinə meydan oxumuşdur. Bir çox tanınmış sənətkarlar bu dilin gözəlliyini duyaraq onu öyrənmək həvəsində olmuşlar. Böyük rus şairi M.Y.Lermontov Qafqazda olarkən dostu S.A.Rayevskiyə yazırdı ki, Avropada fransız dilini bilmək nə qədər vacibdirsə, Qafqazda da Azərbaycan dilini bilmək o qədər zəruridir.

Azərbaycan dili bizim varlığımız və sərvətimizdir. Onun saflığını və müqəddəsliyini qorumaq, yad təsirlərdən qurtarmaq bizim borcumuzdur.
Hər bir xalq öz dili ilə yaranır.

Beynəlxalq Ana Dili Günü UNESCO-nun 1999-cu il noyabr ayında keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir.

Hazırda dünyanın 25 müxtəlif regionunda 300 milyondan çox insan türk dilinin 25 dialektində danışır. Azərbaycan dili bu dialektlərdən biridir. Tarixən türk dilinin digər dillərə təsiri məsələsiylə bağlı göstəricilər isə belədir: Erməni dilində 3159, yunan dilində 2643, bolqar dilində 2454, alban dilində 2422, ərəb dilində 1801, rus dilində 1576, rumın dilində 1542, ingilis dilində 1500, macar dilində 1142, çin dilində 213, fars dilində isə 1369 türk mənşəli söz qeydə alınıb.

Azərbaycan Respublikasının on milyona yaxın olan əhalisinin gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir.
Azərbaycan dili İran İslam Respublikasında yaşayan 30 milyonluq azərbaycanlının da ana dilidir. Rusiyada, ABŞ-da, Türkiyədə və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, azərbaycanlılar bir-birlərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 30 milyondan çox adam yaşayır.

Azərbaycan dili genealoji təsnifata görə türk dillərindən biri olub, həmin dil ailəsinin oğuz qrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupunu təşkil edirlər.
Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. “Kitabi-Dədə Qorqud” dastanlarının dili ədəbi dilimizin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çox sayıla bilər. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə XIII əsrdən başlayır.

Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır.
Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir.

Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA AZƏRBAYCANLILARI
LÜĞƏTLƏR