anadilim.az
anadilim.az

Ana dili – Azərbaycan Türkcəsi müstəqillik illərində

10-06-2019, 14:17 18 dəfə baxılıb

Ana dili – Azərbaycan Türkcəsi müstəqillik illərindəAna dili! Bu müqəddəs kəlam fevralın 21-i tarixini yada salır. Yarım əsr bundan əvvəl ağla gəlməyən bir olay baş verdi – Banqladeşdə ana dillərinin dövlət dili olması uğrunda mübarizəyə qalxan 9 gənc özünü həlak etdi. Ana dili uğrunda özlərini ölümə atan benqalların fədakarlığı yarım əsrdən çoxdur ki, planetdə dolaşmaqdadır. Bu səbəbdən də Ana dili barədə fikirləşəndə, dil uğrunda şəhid olmuş həmin gənclərin qəhrəmanlığı xatırlanır. Demək, 21 fevralın “Beynəlxalq Ana Dili Günü” kimi qeyd edilməsi dünya üçün tarixi bir önəm daşımaqdadır.

Yer üzündə hazırda Azərbaycan dilində danışan 50 milyondan çox adam yaşayır. Azərbaycan dili İran İslam Respublikasında yaşayan 30 milyonluq azərbaycanlının da ana dilidir. Bir neçə il bundan əvvəl İranda – Təbrizdə 7 gənc ana dillərinin hörmətlə yad edilməsini, ana dilində məktəblər açılmasını və s. tələb etdiklərinə görə gölə atıldılar, öldürüldülər.

Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamında deyilir: “Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir. Ölkəmiz zaman-zaman müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta bu ağır vaxtlarda belə milli məfkurənin, milli şüurun və milli-mədəni dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etmişdir. Bu gün onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur” (Bax: “Respublika” qəzeti, 24 may 2012-ci il).

Hər bir xalqın mədəni irsinin, milli dəyərlərinin əsasını onun doğma dili təşkil edir. Azərbaycan xalqının da mədəni-milli irsinin əsası Azərbaycan dilidir. Azərbaycan dili ümummilli dəyərlərimizin əsas faktorlarındandır. Bu gün dünyada gedən qloballaşma prosesi yalnız Azərbaycanın iqtisadi sahələrində deyil, həm də mədəni sahələrində ciddi dönüş yaratmaqdadır.

Azərbaycan dili! Bu dildə digər dillərdə olmayan bir zənginlik, musiqilik, rəvanlıq var. Bu dil türk dilləri arasında estetik keyfiyyətləri ilə də, qrammatik quruluşunun, semantik strukturunun çoxcəhətliliyi ilə də seçilir. Azərbaycan dili əcdadlarımızdan bizə qalan ən qiymətli mirasdır. Milli mənliyimizin, milli kimliyimizin ən dəqiq göstəricisidir. Ana dilimiz bizim yaşam qaynağımız, həyat eşqimiz, taleyimizdir. “Azərbaycan dili” dedikdə günəşli və xoşbəxt bir dünya görünür.

Tariximizin bir çox dövr və mərhələləri kimi, iştirakçısı və şahidi olduğumuz XX yüzilliyin 90-cı və sonrakı illər dövründə Azərbaycan dilin vəziyyəti, bu dilin müxtəlif sahələrində gedən proseslərin araşdırılıb öyrənilməsi də böyük əhəmiyyət kəsb edir. Məhz bu illər keçmiş SSRİ-nin tərkibində olmuş türk xalqlarının dövlət müstəqilliyi uğrunda mübarizəsi, milli-demokratik hərəkatın başlanması, totalitar rejimin süqutu, beynəlxalq aləmdə baş verən ictimai-iqtisadi və siyasi proseslərlə, ilk növbədə isə demokratikləşmə hərəkatı ilə bağlı olmuşdur. Ümumiyyətlə, iyirminci yüzilliyin 90-cı illərindən dünyanın siyasi xəritəsində ciddi dəyişikliklərin baş verməsi, bəşəriyyətin ən böyük mənəvi-siyasi faciəsi olan müstəmləkə rejiminin tamamilə dağılması, yeni müstəqil dövlətlərin yaranması və getdikcə möhkəmlənməsi ilə səciyyələnir.

Etiraf olunmalıdır ki, Sovet dönəmində Azərbaycan dilinin tədqiqi sahəsində görülən iş min il ərzində görülmüş işdən müqayisə edilməz dərəcədə artıqdır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra milli şüurun inkişafı, demokratik cəmiyyət uğrunda mübarizə və vətəndaş cəmiyyətinin yaranması paralel olaraq Ana dilimizin tətbiq sahələrini genişləndirməyi də tələb etdi. Milli şüurun yetkinləşməsi birbaşa Azərbaycan dilinin funksionallığını artırdı.

Əvvəlki illərlə müqayisədə müstəqillik dövrünün işıqlı cəhətlərindən biri Azərbaycan dilinin fəaliyyətinə dövlətin birbaşa nəzarət etməsidir.

Qeyd edək ki, hər bir tarixi ictimai-siyasi şərait Azərbaycan dilinin leksik- terminoloji sisteminə, onun orfoqrafiyasına bu və ya digər dərəcədə öz təsirini göstərmişdir.

1991-ci ildən Azərbaycan öz müstəqilliyini qazandıqdan sonrakı dövrün islahat və inqilab səciyyəli dəyişmələri ana dili problemlərindən də yan keçmədi. Ana dilimiz məhz bu illərdən daha çox dövlət dili səviyyəsinə yüksəldi, inkişaf etmiş dünya dilləri ilə bir sıraya gəldi.

Təsir, dəyişmə və yeniləşmə, öz xüsüsiyyəti üzərində inkişafetmə müstəqillik illərinin Azərbaycan dili üçün əsas xarakterik cəhətlərdəndir. Dildə baş verən dəyişikliklər dedikdə göz önünə ilk öncə terminologiya gəlir. Terminoloji vahidlər həyatda əmələ gələn yeni əşya, anlayış və hadisələrin adları kimi reallaşır. Həmin adlar qısa bir müddətdə lüğət tərkibində özünə yer edir.

Azərbaycan dilinin inkişafında aparıcı ekstralinqvistik faktor, sözsüz ki, müstəqilliyimizlə cəmiyyət arasında baş verən quruluş dəyişkənliyidir. Azərbaycan xalqının müstəqilliyi və suverenliyi ilə bağlı həyatda baş verən ictimai-siyasi hadisələr dilimizin lüğət tərkibindəki dəyişiklikləri qlobal bir hadisəyə çevirdi. Belə ki, hələ müstəqillik uğrunda mübarizə dövründən tutmuş həyatda baş verən canlanma, daha sonralar müstəqillik illərinin sonrakı dövrlərində hər bir sahədə olduğu kimi Azərbaycan dili də tədricən öz milli keyfiyyətlərini qazanmağa doğru meyl etdi. Bu meyl elə sürətli, elə “sıçrayışlı” oldu ki, dilimizin lüğət tərkibinin tədricən öz «rənginə» qayıtması ilə müşahidə edildi.

Müstəqilliyin ilk mərhələsində Azərbaycan dilinin bir sıra problemlərinə (əlifba, apostorf və s.) münasibətdə qütbləşmə başladı. Elə müstəqilliyin ilk dönəmlərində bir qrup ziyalılar – B.Vahabzadə, İ.Şıxlı və b. ana dili və onun fəaliyyəti ilə bağlı mücadilə edir, əsərlərində ictimai fikrin formalaşmasına əsaslı təsir göstərirdilər. Digər qrup ziyalılar dilin adının, əlifbanın dəyişdirilməsi üçün dəridən-qabıqdan çıxırdılar. Əslinə qalanda dilin adı ilə bağlı geniş müzakirələr açmaq elə də əhəmiyyətli bir məsələni müzakirə etmək demək deyildi.

Müstəqillik dövründə Azərbaycan dilininin statusu yüksəlir, sərhədləri genişləndirilir. Bu statusu yüksəltmək üçün mərhələ-mərhələ işlər görülür. Əvvəlki illərdə yol verilmiş nöqsanlar aradan qaldırılır. Bir sözlə, Azərbaycan dilinə qayğı ön plana çəkilir. Amma etiraf edək ki, Azərbaycan dilinin statusundan lazımi qaydada istifadə olunmur.

Müstəqillik illərində dövlətin dil siyasəti bir sıra istiqamətlərdə aparılır. Bu istiqamətlərin bir neçəsi üzərində dayanmağı lazım bilirik:

– Hər şeydən əvvəl, Dövlət dili kimi Azərbaycan dilinin funksiyasını şərtləndirən qanunlar qəbul edilir. Həmin qanunlarda dilin funksional tərəfləri əsas götürülür.

– Müstəqillik illərində Azərbaycan dilinin orfoqrafiya, orfoepiya normalarına yenidən baxılır, müvafiq işlər görülür. Bu sahədə yeni lüğətlər çap edilir. Orfoqrafiya və orfoepiya qaydaları təkmilləşdirilir.

– Müstəqillik illərində Azərbaycan dilinin terminoloji sistemi mükəmməl şəklə salınır. Terminologiyada yeni inkişaf istiqamətləri və meylləri axtarılır. Bu mövzuda namizədlik dissertasiyaları yazılır. Artıq ayrı-ayrı dilçilik tədqiqatlarında da müstəqillik illərinin ab-havası hiss edilir. Bu barədə prof. A.Axundov yazır ki, “müstəqillik illərində terminalma mənbələri də dilin əvvəlki inkişaf dövründən xeyli dərəcədə fərqlənməyə başlanmışdır ki, bu da bilavasitə cəmiyyətdə gedən proseslərlə birbaşa bağlı şəkildə üzə çıxır. Yəni əgər sovetlər birliyi dövründə digər müttəfiq respublika xalqlarının dillərində olduğu kimi, Azərbaycan dilində də alınma terminlər, əksər hallarda terminin hansı dilə mənsub olmasından asılı olmayaraq rus dilindən alınırdısa, (bu, qaçılmaz, iqtisadi-siyasi fakt idi), müstəqillik illərində artıq cəmiyyətin müasir inkişaf durumuna uyğun olaraq rus dilindən uzaqlaşma meyli güclənmiş və termin mübadiləsində üstünlük daha çox müxtəlif səpkili əlaqənin qurulduğu Avropa dillərinə verilmişdir”. (A.Axundov. Dil və mədəniyyət. Bakı, «Yazıçı», 1992, s.88)

Müstəqillik illərində Azərbaycan dili terminologiyasının inkişaf istiqamətlərindən bəhs edən S.Sadıqova “Terminologiya məsələləri” (Bakı, Elm, 2006, s. 3-10) toplusunda Aərbaycan dili terminologiyasınında baş verən dəyişiklikləri düzgün izləyir və düzgün nəticələr çıxarır və əməli təkliflər verir. Həmin təkliflər maraqlıdır: Texniki elmlər üzrə terminologiya problemlərinin həllində bir sıra məsələlər əsas götürülməlidir. Terminologiya elm və texnikanın yeni sahələrinin yaranması və inkişafı ilə ayaqlaşmalı və geridə qalmamalıdır. Müəyyən dəyişiklikləri izləmək və terminologiyanın inkişafını düzgün istiqamətləndirmək zəruridir. Elmlərin inteqrasiyası, elmi biliklərin inkişafı, informasiyaların asanlıqla yayılması üçün dəqiq, anlayışı ifadə edən terminlərə üstünlük verilməlidir. Yeni terminlərin ekvivalentlərinin seçilməsində milli və beynəlxalq miqyasda işlədilən terminlərə üstünlük verilməlidir. Termini yaradarkən onun hərfi mənası deyil, daşıdığı məna nəzərə alınmalıdır.

Müəllif yazır: «Elmi-texniki, ictimai-iqtisadi və mədəni həyatda baş verən yeniləşmələr dildə öz təsirini daha aydın əks etdirir. Bu təsir bütün elmi anlayışları ifadə etmək imkanına malik olan, daim yeniləşən və zənginləşən terminologiyada daha qabarıq müşahidə olunur. Dilimizin daxili imkanlarından istifadə etməklə yeni terminlərin yaradılması ənənəsi daha əvvəlki dövrlərdə olduğu kimi müstəqillik illərində də termin yaradıcılığında əsas istiqamətlərdən biri olmuşdur. Uzun tarixi inkişaf yolu keçmiş terminoloji qatın zənginləşməsində dilimizin daxili imkanları əsasında-leksik, morfoloji, sintaktik üsulla yaranan terminlərin mühüm rolu olmuşdur. Elmi-texniki tərəqqi, Avropaya inteqrasiya, ictimai-siyasi yeniləşmə bir çox anlayışların, məfhumların meydana gəlməsi ilə nəticələnir. Son dövrdə bir sıra elm sahələrinin sürətli inkişafı terminologiyanın da inkişafına təkan verir. Yeni elm sahələrinə məxsus terminlərin əsas hissəsi yarandığı ölkənin dilindən alınır. Sözsüz ki, elmi kəşflərin meydana gəldiyi coğrafi məkanın dili- morfem və leksemləri terminin yaranmasında əsas rol oynayır…Müstəqillik illərində də dilin daxili imkanları əsasında yaranan terminlər terminoloji bazanın əsas hissəsini təşkil edir. Terminologiyanın təkmilləşməsi yollarından ən başlıcası müxtəlif sahələr üzrə terminoloji lüğətlərin yaradılmasıdır.

Amma gənc dilçilərimiz bu yeni istiqamətləri və meylləri bir çox hallarda düzgün müəyyənləşdirə bilmirlər. Mənbə, üsul, meyl və istiqamət anlayışları bir çox hallarda qarışıq və dolaşıq salınır. Bu fakt son vaxtlar onların yazdığı namizədlik dissertasiyalarında açıq-aşkar görünməkdədir.

– Müstəqillik illərində toponimik vahidlərin tarixi və müasir istiqamətdə öyrənilməsinin mərkəzləşdirilmiş şəkildə toplanması və araşdırılması təşkil olunur. Bu sahədə gedən proseslər, adların dəyişdirilmə səbəbləri dominant-aparıcı mövzulardan birinə çevrilir. Toponimik lüğətlərin nəşrinə başlanılır. Toponimik vahidlərin dəyişikliyi nəzərə alınaraq yeni adlar lüğətləri yaradılmasına cəhd göstərilir. İşğal altında qalmış ərazilərin adları haqqında (Qərbi Ermənistanda, Qarabağda) kitablar yazılır. Lakin bu kitabların bəziləri mütəxəssis tərəfindən yazılmadığı üçün ciddi nöqsanlara yol verilir.

– Bu illərdə küçə və reklam, mağaza, restoran, kafe və digər iaşə adlarının dilinə nəzarət sistemləşdirilir. Amma bununla belə müəyyən mənafelər kafe, restoran və mağaza adlarının dilini korlayır, yanaşmalarda fikir ayrılığı meydana gəlir. Və indinin özündə də mediyada tez-tez aparılan müzakirələr də elə bir səmərə vermir, görkəmli dilçilərimizin çıxışları kütlələrə televiziya vasitəsi ilə olduğu kimi çatdırılmır. ANS-də, İTV-də, ATV-də bu mövzuda gedən diskusiyaları misal çəkmək olar.

Müşahidələr göstərir ki, metrolardakı, şəhər reklamlarında nə qədər tərcümə qüsurlarına yol verilir. Mağaza, restoran və kafelərin adları başdan-başa əcnəbiləşdirilir. Dədə-baba adlarından nadir hallarda istifadə olunur.

– Müstəqillik illərində Azərbaycan dilində rəsmi yazışmaların, işgüzar üslubun fəaliyyətini təmin edən zəmin yaradılır. Bizim institumuzda da digər üslublarla yanaşı, işgüzar üsluba yeni baxış formalaşır və bu yeni yanaşmalar «Müasitr Azərbaycan dili» şöbəsinin müdiri, professor M.Məmmədovun rəhbərliyi altında kitab şəklində çapdan çıxır.

– Təhsil dilinin fəaliyyət dairəsi və sahələri müəyyənləşdirilir. Yeni Azərbaycan dili dərslikləri (həm ali, həm də ümumtəhsil məktəbləri üçün) nəşr edilir. Alternativ dərsliklərə yer ayrılır, bu da hər hansı bir Azərbaycan dilinə aid olan dərsliyin ən yaxşısının seçilməsi üçün şərait yaradır.

– Müstəqillik illərində görülən işlərdən biri də Azərbaycan dili qrammatikalarının yenidən yazılması məsələsidir. Sözügedən illərdə belə bir fikir formalaşdı ki, Azərbaycan respublikası Dövlət mükafatına layiq görülmüş 4 cildlik “Müasir Azərbaycan dili” dərsliyi və o cümlədən bunun son cildi “Sintaksis” kitabı 40-50-ci, qismən də 60-cı illərin I yarısının tədqiqatlarına əsaslanır. O vaxtdan bəri həm bizim dilçilikdə, həm də rus və Avropa dilçiliyində xeyli yeniliklər meydana gəlmişdir. Bu baxımdan mövcud dərsliklər bu yenilikləri əhatə edə bilmədiyi üçün qarşıya çıxan bir çox suallara da cavab verə bilmir. Ona görə bir sıra sintaktik məsələlərə yenidən baxılmalıdır, dəqiqləşmələr aparılmalıdır. Həqiqətən də, narazılıq doğuran dərsliklər (ali məktəblər üçün) daha çox tədqiqat əsərlərini xatırladır. Dərsliklərin müstəqillik illərində mükəmməlləşdirilməsi, təkmilləşdirilməsi elmi fikrin inkişafına kömək etdi.

– Müstəqillik illərində Azərbaycan dilinin leksikoqrafiyası inkişaf etdirilir. Yeni elm sahələrini əks etdirən terminoloji lüğətlər tərtib edilir. Dilçilik İnstitutunun lüğətçilik şöbəsində 70- 80-ci illərdə nəşr edilmiş Azərbaycan dilinin orfoqrafiyası, Azərbaycan dilinin izahlı lüğətləri təkmilləşdirilir və əlavələrlə nəşr olunur. Ağamusa Axundovun Azərbaycan dilinin izahlı lüğəti (I cildlik) 1500 yeni söz və termini əhatə etməklə çapdan çıxır. Azərbaycan dilinin dialektoloji lüğəti (2 cilddə) Türkiyədə nəşr olunur.

– Müstəqillik illərində türk dilləri leksikasında, terminologiyasında gedən proseslər izlənilir. Azərbaycan dili ona qohum olan digər dillərlə müqayisə edilir, bu dilin mövqeyi təyin olunur, aydınlaşdırılır, müqayisəli-qarşılaşdırma lüğətləri çap edilir. Məsələn, Dilçilik İnstitutunun türk dilləri şöbəsinin plan işlərinin mühüm bir hissəsini müstəqillik şəraitində inkişaf etmiş müasir türk dillərinin leksikası təşkil edir. Aparılan tədqiqatlarda müqayisəli türkologiyanın aktual problemlərinə toxunulur. Son illər mətbuat vasitəsilə alınan söz və terminlərin uğurlu və uğursuz tərəfləri, eləcə də alınma sözlərin milli sözlərlə əvəzlənməsi prosesinin canlı fakt kimi mövcudluğu təhlil olunur. Yazıların birində oxuyuruq: “Müstəqillik şəratində alınma leksikanın xarakterik xüsusiyyətləri də dəyişmişdir: yeni quruluşa uyğun olaraq ölkə, cəmiyyət daxilində baş verən ictimai-siyasi hadisələr, proseslər, müstəqil dövlətlərin əmələ gəlməsi, yaranmış yeni elm sahələri, təhsil sisteminin dəyişilməsi, dünya standartlarına uyğunlaşdırılması, ölkələr arasında diplomatik əlaqələrin formalaşması və s. ekstralinqvistik amillər, şübhəsiz, bir dildən digər dilə keçən leksik-terminoloji vahidlərin kəmiyyət və keyfiyyətinə təsir göstərmişdir”.

Müstəqillik illərində dil siyasətinin ana xəttini təşkil edən məsələlərdən biri də mətbuatda ana dili problemlərinin işıqlandırılmasıdır. Azərbaycan dilinin keşiyində, ilk növbədə Kütləvi İnformasiya Vasitələri dayanır. Ana dilinin təmizliyi, saflığı uğrunda mübarizə aparan müstəqil mətbuat orqanları onun yazı və tələffüz mədəniyyətini inkişaf etdirir, amma bir çox hallarda ciddi nöqsanlara yol verilir. Məsələn, Radioda “Kəlləli” adlı bir uşaq verilişi var. Əvvala kəlləli nədir?, ikincisi də bu verilişdə uşağın işlətdiyi qüsurlu cümlələrin (Siz necəsən?) üzərindən aparıcı yan keçir. Aparıcının özü də çoxlu üslub xətalarına yol verir.

“Azərbaycan Respublikasının dövlət dili haqqında” qanunun 6-cı maddəsinin 2-ci bəndində deyilir: “…dövlət dilində yayımların televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməlidirlər və onların səlis danışıq qabiliyyəti olmalıdır. Televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin, ədəbi dilin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır”. Şübhəsiz, qanunun bu tələbləri həmin informasiya vasitələrində müəyyən qədər gözlənilir. Amma bu, hələ də istənilən səviyyədə deyildir. Xüsusilə də, televiziya kanallarında efirdə nümayiş etdirilən elə proqamlar var ki, burada nəinki Azərbaycan ədəbi dilinin, heç danışıq dilinin normalarına da əməl edilmir.

Mediyada bu problemin layiqli yerini tutması üçün bütün vasitələrdən tam şəkildə istifadə etmək lazımdır. Amma lazımsız qəzetlərimiz də çoxdur.

Müstəqillik şəraitində ana dilində internet dili formalaşdırılır, bu sahədə strateji düşüncələr planlaşdırılır. İnformasiya axtarışları Azərbaycan dilində aparılır. Amma Azərbaycan İnternetinin özünəməxsus Azərbaycandilli axtarış sistemləri, təəssüf ki, hələ bir o qədər də inkişaf etməyib. İndiki böyüməkdə olan nəsil üçün, gənclər üçün internetdə Azərbaycan dilində fundamental mahiyyətə malik informasiya resursları olduqca azdır. Ümid etmək olar ki, Azərbaycan interneti inkişaf etdikcə milli axtarış resurslarınız da güclü axtarış sistemlərinə çevriləcək.

Digər istiqamətlərdən biri də Azərbaycan ərazisində yaşayıb azlıq təşkil edən millətlərə ana dilini azad inkişaf etdirmək və işlətmək hüququ verilməsi məsələsidir. Bu istiqamətdə müəyyən işlər görülür, talış və tat dillərinin digər dillərlə əlaqələri Elmlər Akademiyasının “Dil əlaqələri” adlı şöbəsində yerinə yetirillir.

“Beynəlxalq Ana dili Günü”ndə bəzi arzu və təklifləri də vermək yerinə düşər. Dil bayramları məhdud dairədə keçirilməsin, bu bayramın şəbəkəsi genişləndirilsin və ana dilindən ən yaxşı şəkildə istifadə edən və onu inkişaf etdirən, həmçinin də öyrənib araşdıran, tədris edən alimlərə, yazıçılara, jurnalistlərə həvəsləndirici mükafatlar verilsin.

Müstəqillik illərində ən yaxşı dilçilik əsərlərinin müzakirəsini təşkil etmək vacib məsələlərdən (dissertasiyaları müzakirə etsək də). Elmi əsərlərimizin dil özəlliklərinə fikir verməliyik. Elmi dilin özünəməxsus xüsusiyyətlərini aspirant və dissertantlara öyrətməliyik. Sevindirici haldır ki, elmi əsərlərimiz də, dissertasiyalarımız da əvvəlki illərdən fərqli olaraq Azərbaycan dilində yazılır. Bu cəhət də, şübhəsiz, elmi dilimizi zənginləşdirir.

Bu gün Azərbaycan dili ilə – dilimizlə fəxr etməyə, öyünməyə dəyər. Bu dil biz dilçilərə mənəvi rahatlıq vermiş, ondan zövq alaraq öyrənə-öyrənə, öyrədə-öyrədə yaşayırıq.

Avropa Birliyi və qloballaşan dünya kontekstində dil siyasəti və bu siyasətdə Azərbaycan dilinin yeri də əhəmiyyətli bir prosesdir və davam etməkdə olan bu proses ayrıca bir tədqiqatın mövzusudur.

Güman edirik ki, dil uğrunda özünü fəda edən o 9 benqal gəncin fədakarlığı bizə çox mətləbləri aydınlaşdırmalıdır. İnsan təkcə yaşamaq uğrunda deyil, həm də milli varlığın ilk atributu olan doğma dilinin saflığı, təmizliyi naminə mübarizə aparmalı, sözün həqiqi mənasında onu sevməli, mühafizə etməli, “məhəbbətinin ən üst qatına dil məhəbbətini çıxarmalı” (Ömər Faiq Nemanzadə), həm də mükəmməl öyrənməlidir.

Respublikamızda bu gün də dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, siyasi partiyalarda, qeyri-hökumət və həmkarlar təşkilatlarında və digər sahələrdə dövlət dilinin təbliği ilə bağlı fəaliyyət dövlət qanunua uyğun həyata keçrilir və kargüzarlıq işləri də dövlət dilində aparılır. Azərbaycan dili ölkəmizin siyasi, ictimai, elmi və mədəni həyatı ilə qırılmaz şəkildə bağlıdır, bu sahələrin inkişafını birbaşa təmin edir.

Cahid İsmayıloğlu

filologiya üzrə fəlsəfə doktoru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA AZƏRBAYCANLILARI
LÜĞƏTLƏR