anadilim.az
anadilim.az

Dil və ədəbiyyat dərslərinin tədrisi məsələləri - III YAZI

10-05-2019, 15:08 58 dəfə baxılıb

Dil və ədəbiyyat dərslərinin tədrisi məsələləri - III YAZI

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor


Ədəbi tənqid zövqü formalaşdırmaqdan daha çox siyasətə, ideologiyaya xidmət edib, ədəbi-bədii nümunəni zövq materialı kimi, sənət nümunəsi kimi öyrənməyibdir. Tənqidçilərin, ədəbiyyatşünasların bədii ədəbiyyata, dilçilərin dilə siyasi baxımdan yanaşmaları dil və ədəbiyyatın özünü də, onu öyrənənlərin (uşaqların, gənclərin, geniş oxucu kütləsinin) zövqünü də korladı desək yanılmarıq. Dil və ədəbiyyatı siyasiləşdirənlərin dəyirmanına siyasiləşmiş dil və ədəbiyyat müəllimləri su tökməyə başladılar. Bu da uşaqlarda, gənclərdə, oxucularda əsl dil və ədəbiyyat zövqünü yox, siyasi zövqü formalaşdırdı. Dil və ədəbiyyatın yaradacağı sənət və sənətkarlıq zövqü kənarda qaldı. Atalar sözlərinə, nağıllara, dastanlara bədii ədəbiyyat nümunəsindən, bədii düşüncənin məhsulundan daha çox siyasi yöndə yanaşıldı. Dil və ədəbiyyat müəllimlərinin bu işdə “xidmətləri” danılmazdır. Dil müəllimləri siyasiləşmiş, siyasətə xidmət edən cümlələri təhlil etməklə dil zövqündən daha çox siyasi zövqə xidmət etdilər. Fonetik, leksik, morfoloji və sintaktik təhlil materialları siyasiləşmiş bədii mətnlərin içərisindən seçildi, eyni zamanda ədəbiyyat müəllimləri ədəbiyyat materiallarını Sovet tənqid və ədəbiyyatşünaslığının tələbləri istiqamətində təhlil etdilər. Burada dil və ədəbiyyat müəllimlərinin günahını yox, dövrün, zamanın, siyasi rejimin onları aciz bir vəziyyətə gətirdiyini söyləmək istəyirik. Bunun acı nəticələri ona gətirib çıxardı ki, Sovet dövrü ədəbiyyatı deyəndə bir çoxları onun üstündən xətt çəkmək istədilər və bu tendensiya indi də davam etməkdədir. Halbuki Sovet dövründə yaranmış ədəbiyyatın özünəməxsusluğu ilə yanaşı, çox dəyərli cəhətləri də vardır. Hətta indinin özündə belə, Sovet dövrü ədəbiyyatı yenidən təhlil və tədqiq olunmalıdır. Əgər belə olarsa, Sovet dövrü ədəbiyyatında çox dəyərli məqamları görmək olar, eyni zamanda Sovet ədəbiyyatını məqsədli siyasiləşdirənlərin siyasi mövqeyi aydınlaşa bilər. Odur ki, dil və ədəbiyyat savaşı dil və ədəbiyyat müəllimlərinin zəhmətinə söykənir. Dil və ədəbiyyat müəllimləri ideologiyanın təsiri altında yazanların və sovet ideologiyasını vaxtilə təbliğ edənlərin yaradıcılığının üstündən xətt çəkə bilməzlər. Dil və ədəbiyyat müəllimlərinin borcudur ki, Sovet ideologiyasına xidmət edən hər nə varsa, onu ayırd etməyi bacarsın və əsl ədəbiyyata xidmət edən tərəfləri təbliğ etsin, ən azı dərs dediyi auditoriyada yaya bilsin. Burada dil və ədəbiyyat müəllimlərinin çiyinlərinə böyük yük düşür. Ona görə ki, qeyri-peşəkarlar dövrün, zamanın dəyişməsindən sui istifadə edərək bütünlüklə sovet ədəbiyyatını inkar edirlər. Qeyri-peşəkarlar bunu asan bir yol kimi seçir, nə özlərini, nə də cəmiyyəti Sovet ədəbiyyatı barədə düşünməyə yönəltmirlər. Belə olduğu təqdirdə, dil və ədəbiyyat müəllimləri Sovet dövründə yaranmış və Sovet ədəbiyyatı adı ilə tanınan ədəbiyyatı məsuliyyətlə təhlil etməli, cəmiyyətə, xüsusilə, dərs dedikləri şagirdlərə, tələbələrə düzgün təqdim etməlidirlər. Bir daha qeyd etmək istəyirik ki, Sovet dövründə yaranmış ədəbiyyatda zərərli nümunələr var, ancaq belə bir hal bütövlükdə bu dövrün ədəbiyyatının inkarına xidmət etməməlidir. Bu dövrdə yaranmış ədəbiyyatda həm də əsl ədəbiyyata xidmət edən kifayət qədər nümunələr var. Onları mənfi tendensiyalı nümunələrdən ayırd edib düzgün qiymətini vermək lazımdır. Dil və ədəbiyyat müəllimləri ədəbiyyatın tarixi ilə bağlı zəngin , hərtərəfli biliyə malik olmalı və zamanın sınağından keçən, eləcə də keçməyən ədəbiyyatı ayırd etməyi bacarmalıdırlar. Dil və ədəbiyyat müəllimləri dərs dedikləri şagirdləri, tələbələri başa salmalıdırlar ki, əgər oxucu oxuduğu əsərdən bir fayda, xeyir götürürsə, onu zərərli əsər hesab etmək olmaz. Zərərli əsər odur ki, onun oxucuya heç bir xeyri, faydası olmur. Bir sözlə, məktəb deyilən müqəddəs bir yerdə Sovet dövründə yaranmış ədəbiyyat zərərli ədəbiyyatdır, onun xalqımıza heç bir aidiyyatı yoxdur, bu ədəbiyyat başdan ayağa qədər ideologiya üzərində qurulmuş ədəbiyyatdır və s. kimi fikirləri təbliğ etmək olmaz. Əksinə, məktəblərdə, təbii ki, dil və ədəbiyyat dərslərində Sovet dövründə yaranmış ədəbiyyatın reallıqlarını, imkanlarını, zərərli və faydalı tərəflərini bir-birindən ayırmaqla öyrətmək lazımdır. Bunun üçün dil və ədəbiyyat dərsliklərində, orta və ali məktəb dərsliklərində bu məsələ öz yerini düzgün tapmalı, öz yerini düzgün tutmalıdır. Nəzərə alsaq ki, bizim bu məsələləri ayırd etməyə kifayət qədər imkanımız vardır. Belə ki, orta məktəblərdə dil və ədəbiyyat dərslərindən əlavə, ali məktəblərdə filologiya fakültələri mövcuddur ki, burada bütün problemli məsələlərin incəliklərinə qədər öyrənilməsinə imkan və şərait kifayət qədərdir. Yəni filologiya fakültələrində dil və ədəbiyyat müəllimləri kimi yetişəcək mütəxəssislərin hərtərəfli hazırlanmaması mümkün deyildir. Ona görə də kifayət edər ki, dil və ədəbiyyat müəllimləri dil və ədəbiyyat dərslərinin məzmununa, eləcə də tədrisinə məsuliyyətlə yanaşsınlar. Orta məktəbin dil və ədəbiyyat dərslikləri ilə ali məktəblərin dil və ədəbiyyat dərslikləri arasında rabitə, əlaqə itməsin. Buna görə də orta məktəbin dil və ədəbiyyat dərsliklərinin məzmununu nəzərə almaqla ali məktəblərin dil, ədəbiyyat dərslikləri yazılmalıdır. Ali məktəblərdəki dil və ədəbiyyat dərslikləri orta məktəblərin dil, ədəbiyyat dərsliklərinin məzmunu üzərində təkmilləşməli və genişlənməlidir. Ədəbiyyat dərsliklərinə ədəbiyyatımızın tarixində oturuşmuş yazıçılar, şairlər daxil olmalıdır. Dil dərsliklərindəki mətnlər ədəbiyyat tariximizdə oturuşmuş yazıçı və şairlərin əsərlərindən seçilməlidir. Belə tənqidçilər, ədəbiyyatşünaslar, dilçilər öz aralarında ayrı-ayrı şair və yazıçılara (xüsusilə də Sovet dövrü şair və yazıçılarına) düzgün qiymət verə bilmirlərsə, onları yerli-yersiz suçlayırlarsa, bunun nəticəsində onları ədəbiyyat dərsliklərindən çıxarırlarsa, deməli, hələ bu barədə düşünməyə, eyni zamanda dil və ədəbiyyat dərslərinin, həm də bu fənlərin problemlərindən danışmağa dəyər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA AZƏRBAYCANLILARI
LÜĞƏTLƏR