anadilim.az
anadilim.az

Azərbaycan dili haqqında ümumi məlumat

10-06-2019, 15:54 33 dəfə baxılıb

Azərbaycan dili haqqında ümumi məlumat E.ə. IV əsrdə indiki Azərbaycan ərazisində Albaniya, cənubda isə Atropatena dövləti yaranmışdır. Uzun müddət – yunan işğalı (e.ə. IV əsr), Parfiya (e.ə. 250 – e. 226) və Sasanilər (224-652) sülalələri dövrlərində şimalın və cənubun əhalisi daim birlikdə olmuş, bir canişinlikdə birləşdirilmişdir. Feodalizmin ilkin inkişaf mərhələsində Azərbaycan tayfalarının konsolidasiyası baş vermiş, nəticədə Azərbaycan xalqı və ümumxalq Azərbaycan dili təşəkkül tapmışdır.

Ümumxalq Azərbaycan dili eramızın V əsrində formalaşmışdır. VI–VIII əsrlər şifahi ədəbi dilimizin təşəkkülü və inkişafı dövrüdür. Bu dövrün ən mükəmməl abidəsi “Kitabi-Dədə Qorqud” dastanlarıdır.

Yazılı ədəbi dilimizin təşəkkül tarixi IX-XI əsrləri əhatə edir. Birinci minilliyin ortalarında Azərbaycan dilinin yazısı, əlifbası olmuşdur. Şifahi ədəbi dil nümunəsi sayılsa da, 1500 ildən artıq tarixi olan “Kitabi-Dədə Qorqud”un dili həm də kamil yazı nümunəsidir. “Kitabi-Dədə Qorqud”dan sonra XIII əsrin dil materiallarını əldə etmək mümkün olmuşdur. Aradakı boşluq həmin dövrdə yazı materiallarının olmaması demək deyildir. Bunu böyük Azərbaycan şairi Niazminin qeydləri, qohum türk xalqlarının əldə edilmiş yazılı abidələri, M.Kaşğarinin “Divan”ı, az sonra meydana çıxan “Dastani-Əhməd Hərami”, “Mehr və Vəfa”, “Yusif və Züleyxa” kimi kamil əsərlər də təsdiq edir.

Dilin adı. Birinci minilliyin ortalarından başlayaraq, dilimiz həm türk dili, həm də azəri dili adlanmışdır.

Türk adını qədim dövrlərdən yaşadıb gətirən Turukki tayfası olmuşdur. Turukkilər çıx güclü birlik yaratmış və öz zamanlarında güclü Assur dövlətini daim qorxu altında saxlamışlar. Turukki sözü “güclü, qüvvətli, doğan, törəyən” mənalarında tur/tör söündən oub, türük//türk sözünü əmələ gətirmişdir.

Türk sözünün tarixi çox qədim olsa da, Azərbaycanda V əsrdən – Sasanilər dövründən kütləviləşməyə başlamışdır.

Ərəblər cənub ərazilərindən tədricən şimala qalxdıqları və Atropatena sözünü öz şivələrində “Azərbaycan” şəklinə saldıqları, azərbaycanlıları qısa şəkildə “azəri” adlandırdıqları üçün “türk” sözü ilə yanaşı, “azəri” terminindən istifadə edirdilər. Bu sözlərin işlənməsi erkən başlamışdı – türk sözü V əsrdən, azəri sözü isə VII əsrdən işləkliyini genişləndirmişdir.

Ərəb tələffüzü ilə təşəkkül tapan Azərbaycan sözü Antarpatianu sözündən əmələ gəlmişdir. Antarpatianu sözünün birinci hecasındakı An Allah adının “n” samiti düşmüş, söz Atarpatianu, tədricən Atropatena şəklini almışdır. Bir sıra yazılarda Atropatena sözündə irəli çıxan dz qovuşuq səsinin karlaşmış birinci komponenti (t) üstünlük qazanmış, ərəblər isə öz dillərinin xarakterinə uyğun olaraq həmin qovuşuq səsin ikinci komponentinə üstünlük vermiş, sözü Adzirbican – Azirbican – Azərbaycan şəkillərində tələffüz etmişlər, fərqləndirmək üçün Azərbaycan ərazisində işlədilən dili “əl-azəriyə” – azəri dili adlandırmışlar. Azəri sözü bu sözdən, bu tələffüzdəndir. Bu söz tayfa adı deyil, Azərbaycan sözündəndir və Azərbaycan sözünün qısaldılmış forması kimi təşəkkül tapmışdır.

Beləliklə, dilimizin adı kimi, türk dili ifadəsinin də böyük tarixi vardır. 1924-cü ildə Türkiyə respublikası yaradıldıqdan, türklərin dili türk dili adlandırıldıqdan xeyli sonra da dilimiz “türk dili” adı ilə tanınmaqda idi və hətta 1936-cı ildə “Türk dili” adlı məktəb dərsliyi də çap olunmuşdur. 1936-cı ilin SSRİ konstitusiyasında dilimizin adı “Azərbaycan dili” şəklində təsbit edilmişdir. 1992-ci il sənədlərinə əsasən Azərbaycan dili termini türk dili termini ilə əvəz edilmiş, 1995-ci il ümumxalq referendumu və respublika konstitusiyası ilə “Azərbaycan dili” ifadəsi yenidən qanuniləşdirilmişdir.

Azərbaycan dili Azərbaycan xalqının milli dilidir. Eyni zamanda, bu dil Azərbaycan Respublikasının rəsmi dövlət dilidir.

Azərbaycan dilindən həm respublikamızda, həm də xarici ölkələrdə istifadə olunur. Dünyanın 87 ölkəsində bu dildə danışanlar vardır. Ümumiyyətlə, ana dili kimi Azərbaycan dilində 45 milyondan artıq adam danışır. Bundan başqa, bəzi xalqlar arasında Azərbaycan dili ikinci ana dili kimi də işlənilir. Hazırda Azərbaycan ərazisində yaşayan bir sıra azsaylı xalqlar, o cümlədən, lahıc, talış, tat, qrız, saxur və başqaları Azərbaycan dilindən ikinci ana dili kimi istifadə edirlər.

Azərbaycan dili öz mahiyyətinə görə indi dünyanın ən zəngin milli dillərindən biri sayılır. Bu dilin özünəməxsus gözəlliyi və ahəngi vardır. Azərbaycan dili, hər şeydən əvvəl, xoş avaz yaradan səslər sisteminə, zəngin və rəngarəng söz ehtiyatına, tam sabitləşmiş qrammatik quruluşa malikdir.

Azərbaycan dilində ən dərin duyğuları, ən incə mənaları istədiyin şəkildə çox müxtəlif bədii boyalarla ifadə etmək olur. Bu dil elmi, siyasi, fəlsəfi fikirləri çox aydın ifadə etməyə qadir olduğu kimi, bədii təfəkkürün gözəl nümunələrini yaratmaq üçün də çox yararlıdır.

Eyni zamanda dünya mədəniyyəti xəzinəsinə qiymətli hədiyyə kimi daxil olan və onu zənginləşdirən M.Füzulinin məşhur “Leyli və Məcnun” poeması, M.Axundovun komediyaları və bir çox misilsiz sənət əsərləri həmin dildə – Azərbaycan dilində yaranmışdır. Fəlsəfi-siyasi əsərlər də bu dildə çox gözəl səslənir.

Azərbaycan dilinin gözəlliyi, onun zənginliyi və digər xüsusiyyətləri tarixən bir sıra görkəmli şəxsiyyətlərin nəzəri-diqqətini özünə cəlb etmişdir.

Böyük rus şairi M.Y.Lermantov Azərbaycan dili haqqında demişdir: “...mən bir çox dağlar aşdım, Şuşa, Quba və Şamaxı şəhərlərində oldum... azərbaycanca öyrənməyə başladım; həmin dil burada və ümumiyyətlə, Asiyada fransız dilinin Avropada olduğu qədər zəruri bil dildir”.

Məşhur şəxsiyyətlərdən Bestujev-Marlinski və başqaları da Azərbaycan dilinin əhəmiyyətindən bəhs etmişlər. Görkəmli ictimai xadim olan Sultan Məcid Qənizadə Azərbaycan dili haqqında yazmışdır: “Həqiqətən bu dil öz təbiətinə görə çox elastikdir və asanlıqla zərif üslubi formalara düşmə bacarığına malik olmaqla öz xüsusiyyətləri ilə fəxr edə bilər. Bu xüsusiyyətlər öz mahiyyətinə görə çox maraqlıdır... Buradakı xüsusiyyətlərə bənzər hadisələrə hər hansı bir başqa dildə az təsadüf etmək olar”.

Azərbaycan dili mənşəcə müasir türk dillərinə məxsusdur.

Azərbaycan dili tipoloji təsnifə görə iltisaqi (aqlütinativ) dillərdəndir. Bu dil geneoloji bölgüyə əsasən türk dilləri qrupuna mənsubdur.

Türk dilləri qrupu genetik əlamətlər əsasında təsnif edilən ən böyük dil qruplarından biridir. Başqa dil qruplarında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Nümunə üçün bir neçə sözün müxtəlif türk dillərində necə işləndiyini nəzərdən keçirək:
Azərbaycan dili haqqında ümumi məlumat

Azərbaycan dili türk dilləri qrupunun oğuz dilləri yarımqrupuna daxildir. Bu dil həmin yarımqrup daxilində xüsusi mövqeyə malikdir.

Azərbaycan dili türk dilləri qrupundakı müasir dillərdən türkmən, qaqauz, krım tatarlarının dili və türk (osmanlı) dillərinə daha çox yaxındır.

Hər bir dilin tarixi həmin dildə danışan xalqın tarixi ilə sıx bağlı olur. Azərbaycan dilinin tarixi də xalqımızın tarixi kimi çox qədimdir.

Azərbaycan dili hazırkı inkişaf səviyyəsinə birdən-birə çatmamışdır. İlk dövrlərdə başqa dillər kimi, Azərbaycan dilinin də lüğət tərkibi kasıb, qrammatik quruluşu isə bəsit olmuşdur. Lakin xalqımız tarixən inkişaf etdikcə, dilimizin səs sistemi tədricən səlisləşmiş, lüğət tərkibi zənginləşmiş və qrammatik quruluşu təkmilləşmişdir.

Tarixdə humanist, sülhsevər, mehriban və xeyirxah xalq kimi məşhur olan, uzun əsrlər boyu həm onu əhatə edən qonşularla, həm də bütün digər xalqlarla dostluq, qardaşlıq münasibətlərində yaşayan Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində bir sıra işğalçılarla üz-üzə gəlmişdir. VII əsrdən başlayaraq Azərbaycana ərəb işğalçıları, sonralar isə fars, monqol və başqaları basqın etmişlər. Bu yadellilərin məqsədi xalqımızı və eləcə də onun dilini tarix meydanından çıxarmaq idi.

Lakin Azərbaycan xalqı bütün tarix boyu bu mənfur işğalçılarla amansız mübarizə apararaq öz varlığını qoruduğu kimi, doğma dilini də mühafizə edib saxlamışdır.

İşğalçıların arzu və əməllərinin əksinə olaraq, Azərbaycan dilində sənəd və əsərlər yaradılır və dilimiz yavaş-yavaş ədəbi zəmin əsasında formalaşıb inkişaf edirdi. Yadellilərin təqibinə baxmayaraq, XIII əsrdə Həsənoğlu, XIV əsrdə Nəsimi və başqa sənətkarlarımız Azərbaycan dilində gözəl əsərlər yazıb yaratmışlar.

Həmin dövrdə (assimilyasiya dövründə) Azərbaycan dili nəinki öz müstəqilliyini qoruyub saxlamış, eyni zamanda “...öz həyatilik və sabitliyini sübut etmiş, hətta öz növbəsində ərəb və xüsusilə fars dilinə də təsir göstərmişdir”. Bu təsir sonralar təkcə həmin dillərə deyil, başqa bir sıra dillərə də olmuşdur.

Bütün tarix boyu öz orijinallığını mühafizə edib saxlayan Azərbaycan dili get-gedə inkişaf edərək XIX əsrdə milli dilə çevrilmişdir. Bu dövrdə Azərbaycan dilinin müstəqilliyinə qarşı olan mübarizə daha da kəskinləşmişdir. Lakin dövrün qabaqcıl adamları və bütün xalq dilin milli varlığını qorumağa başlamışdır. Həmin dövrdə böyük mütəfəkkir M.F.Axundov dilimizin çox qadir və poetik vüsətə malik bir dil olduğunu həm nəzəri, həm də əməli olaraq sübut etməyə çalışmışdır.

XIX əsrin sonu XX əsrin əvvəllərində bir qrup insan Azərbaycan dilinin varlığını inkar etməyə, onu qədir-qiymətdən salmağa, meydandan çıxarmağa can atmışlar. Belə bir dövrdə Azərbaycanın görkəmli maarifpərvərləri, inqilabçı demokratları mübarizəyə qalxmışdır. XX əsrin böyük sənətkarlarından C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev və başqaları dilimizin milli orijinallığı uğrunda ciddi mübarizə aparmış və bu məsələdə xalqa düzgün istiqamət vermişlər.

Ümumxalq dilinin cilalanmış, müəyyən normalara salınmış qoluna ədəbi dil deyilir. Ədəbi dil ictimai müəssisə və idarələrdə, nəşriyyat və mətbuatda, kino və teatrlarda, radio və televiziyada, maarif və mədəniyyət ocaqlarında və s. istifadə olunan dildir.

Hər bir ədəbi dil həm şifahi, həm də yazılı formalara, eyni zamanda zəngin üslubi rəngarəngliyə malik olur. Ədəbi dilin hamı üçün aydın və ümumi olması onun əsas əlamətlərini təşkil edir.

Ədəbi dil mədəni və tarixi hadisədir. Bu dil cəmiyyətin mədəni tələbatı əsasında və müəyyən zərurət nəticəsində şifahi yolla yaranır.

Azərbaycan ədəbi dili ümumxalq dili əsasında şifahi formada təşəkkül tapmağa başlamışdır. Ədəbi dilimiz formalaşmağa başladığı dövrdən ümumxalq dilinin mövcud vasitə və materiallarına əsaslanmış, onların müəyyən hissəsini seçib qəbul etmişdir. Bu zaman ümumxalq dilinin ancaq bir sahəsi deyil, onun bütün quruluşu, yəni səs sistemi, lüğət tərkibi və qrammatik quruluşu nəzərə alınmış və seçmə əməliyyatı aparılmışdır. Bu seçmə əməliyyatı, təxminən, aşağıdakı formalarda olmuşdur:

1) Ümumxalq dilinin səs sistemindəki fonemlərdən, eləcə də fonetik qayda və hadisələrdən daha ümumi və səciyyəvi olanları götürülmüşdür;

2) Ümumxalq dilinin lüğət tərkibindən hamı üçün ümumi olan, aydın mənalı, mədəni səciyyəli sözlər seçilib qəbul edilmişdir;

3) Qrammatik quruluşdan isə müxtəlif variantlı şəkilçilər və digər qrammatik qanunlar üzərində seçmə əməliyyatı aparılmışdır.

Bütün bunlarla bərabər, ədəbi dilin formalaşmasında ümumxalq dili dialektlərinin də xüsusi rolu olmuşdur. Belə ki, bu və ya digər ədəbi dil ümumxalq dilinin müəyyən dialekti əsasında yaranıb inkişaf edir.

Lakin bu dil müxtəlif dövrlərdə əsasını təşkil etdiyi dialekt çərçivəsindən kənara çıxır və ümumxalq dilinin başqa vasitələrindən də istifadə edir. Azərbaycan ədəbi dili də belə bir tarixi proses keçmiş və buna görə ədəbi dilimiz hazırkı heç bir dialektin eyni deyildir. İndiki ədəbi dilimiz bütün dialektlərin yaxşı cəhətlərini özündə əks etdirərək onların hamısından fərqlənir.

Müasir Azərbaycan ədəbi dili özünəməxsus daxili qaydalara və ədəbi normalara malikdir. Normativlik ədəbi dildə başlıca şərtdir. Ümumi normalar olmadan ədəbi dil də ola bilməz. Ədəbi normalar fikrin aydın, dəqiq ifadə olunmasına, hamı tərəfindən eyni formada anlaşılmasına, düzgün və vahid nitq yaratmağa kömək edir.

Azərbaycan ədəbi dilinin normaları dilin bütün sahələrinə aiddir. Məsələn:
Azərbaycan dili haqqında ümumi məlumat
Azərbaycan ədəbi dilinin iki forması vardır: 1) şifahi və 2) yazılı.

Eşitmə vasitəsilə dərk olunan ədəbi dilə şifahi ədəbi dil deyilir. Ədəbi dilin bu forması həm dialoji, həm də monoloji olur.

Sual-cavablar dialoji, mühazirələr, məruzələr, radio və televiziyada müəyyən mətnin oxunması və s. isə monoloji şifahi ədəbi dilə misal ola bilər.

Şifahi ədəbi dil danışığın mövzu və məzmunundan asılı olaraq müxtəlif şəkildə olur. Buna görə də şifahi ədəbi dilin özü iki yerə bölünür: a) şifahi kitab dili; b) şifahi danışıq dili.

Azərbaycan şifahi ədəbi dilinin tarixi çox qədimdir. Şifahi ədəbi dilimiz təbii olaraq ilk dövrlərdə çox inkişaf etməmişdir. Bu dil sürətli inkişaf yoluna son dövrlərdə qədəm qoymuşdur. Hazırda ədəbi dilimizin şifahi forması, əsasən, radionun, televiziyanın, ali və orta məktəblərin vasitəsi ilə daha da inkişaf etdirilir. Yazı vasitəsilə ifadə olunan ədəbi dilə yazılı ədəbi dil deyilir. Ədəbi dilin yazılı forması monolojidir.

Yazı ədəbi dilin təşəkkül və inkişafında yeganə deyil, vacib vasitələrdəndir. İlk dəfə şifahi yolla formalaşmağa başlayan ədəbi dilin inkişafında yazı xüsusi rol oynayır. Yazı dil üzərində çox işləmək tələb edir. Buna əsasən də yazı vasitəsilə ədəbi dil daha da səlisləşir, cilalanır və təkmilləşir.

Azərbaycan yazılı ədəbi dilinin tarixi, təxminən XIII əsrdən başlayır. Həmin dövrdən Azərbaycan yazılı ədəbi dilində müxtəlif formalarda abidələr, tarixi sənədlər bədii dil nümunələri meydana çıxmışdır. Bu dil, zaman keçdikcə daha da inkişaf etmiş və təkmilləşmişdir. Hazırda yazılı ədəbi dilimizin inkişaf etdirilməsində mətbuatın böyük rolu vardır.

Ədəbi dilin xarakterik cəhətlərindən biri də onun müxtəlif üslublara malik olmasıdır.

Dilin üslubu dedikdə, ümumi funksional üslublar nəzərdə tutulur. Lakin yazıçının üslubu fərdi üslubdur. Yazıçının üslubu onun ümumxalq dilindən dil vasitələrini öz arzu və zövqünə, mövzu və məqsədinə görə necə seçib işlətməsi üsulları ilə bağlıdır. Hər bir yazıçının üslubu onun həyata münasibəti, elmi və siyasi biliyi, mədəniyyəti və bacarığı əsasında yaranır. Buna görə də yazıçının dünyagörüşü ilə ifadə tərzinin vəhdəti onun üslubudur. Lakin yazıçının üslubu ümumdil xaricində mövcud deyildir. Bu ümumidən asılı olaraq onun bir hissəsidir. Bədii yaradıcılıqda hər sənətkarın öz üslubunun olması əsas şərtlərdəndir. Çünki fərdi üslub sənətkarın yaradıcılıq orijinallığını müəyyən edir və onu başqalarından fərqli bir sənətkar kimi tanıdır.

Azərbaycan ədəbi dilində, qədim dövrlərdən başlayaraq, zəngin üslubi sistem yaranmışdır. Ədəbi dilimizin ayrı-ayrı inkişaf mərhələlərində müxtəlif üslublar olmuşdur. Zaman keçdikcə bu üslublar daha da artmış, zənginləşmiş və təkmilləşmişdir. Hazırda Azərbaycan ədəbi dilinin aşağıdakı funksional üslubları vardır:
Azərbaycan dili haqqında ümumi məlumat
Bu funksional üslubların həm ümumi, həm də hər birinin özünəməxsus fərqli xarakterik cəhətləri vardır.

Müasir Azərbaycan ədəbi dilinin hazırkı yüksək inkişaf səviyyəsi uzun əsrlərin məhsuludur. Ədəbi dilimiz tarix boyu mürəkkəb inkişaf prosesi keçmişdir.

Azərbaycan ədəbi dilinin inkişaf dövrləri aşağıdakı kimidir:

I dövr – Azərbaycan ədəbi dilinin formalaşması və tədricən inkişaf dövrü (V-XVIII əsrlər)

1-ci mərhələ: V-XII əsrlər

2-ci mərhələ: XIII-XVIII əsrlər

1) XIII-XIV əsrlərdə ədəbi dil

2) XV-XVII əsrlərdə ədəbi dil

3) XVIII əsrdə ədəbi dil

II dövr – Azərbaycan ədəbi dilinin tam sabitləşməsi dövrü (XIX əsr)

1-ci mərhələ: XIX əsrin I yarısı

2-ci mərhələ: XIX əsrin II yarısı

III dövr Azərbaycan ədəbi dilinin geniş inkişaf yolu keçməsi dövü (XX-XXI əsrlər)

1-ci mərhələ: 1901-1920-ci illər

2-ci mərhələ: 1921-1950-ci illər

3-cü mərhələ: 1951-1980-ci illər

4-cü mərhələ: 1981-1990-cı illər

5-ci mərhələ: 1991-ci ildən indiyə qədər

Ədəbi dilimizin bu inkişaf mərhələlərində yazıçıların, alimlərin, ictimai xadimlərin, müəllimlərin, milli mətbuatın və mətbuat işçilərinin xüsusi rolu olmuşdur. Bunlardan, xüsusən yazıçılar ədəbi dilimizin formalaşmasında, onun sonrakı dövrlərdəki inkişafı üçün ümumxalq dilindən söz və formalar seçməkdə, yaxud yeni söz və tərkiblər yaratmaqda daha böyük rol oynamışlar.

Azərbaycan ədəbi dilinin formalaşmasında və inkişafında İ.Həsənoğlu, İ.Nəsimi, M.Füzuli, M.P.Vaqif, M.V.Vidadi, M.F.Axundov, C.Məmmədquluzadə və s. mütəfəkkirlərimizin müstəsna rolu olmuşdur. Həmçinin bu istiqamətdə fəaliyyət göstərən mətbuatımızda tarixən işıq üzü görmüş H.B.Zərdabinin redaktoru olduğu “Əkinçi” qəzetinin və C.Məmmədquluzadənin redaktorluq etdiyi “Molla Nəsrəddin” jurnalının adlarını xüsusilə çəkmək lazımdır.

Ədəbi dildən fərqli olaraq ayrı-ayrı yerlərdə (ərazidə) yaşayanların danışığında xüsusi cəhətlər olur.

Ədəbi dildən və bir-birindən fərqlənən bu və ya başqa ərazinin yerli danışığı dialekt adlanır. Hər bir dildə bir neçə dialekt ola bilir. Dialekt fərqləri həm dilin fonetik sistemində, həm lüğət tərkibində, həm də qrammatik quruluşunda özünü göstərir.

Azərbaycan dilinin dialekt və şivələrinin geniş və elmi şəkildə öyrənilməsinə XX əsrdə başlanılmışdır. Həmin əsrdə dialektologiya məsələlərinə dair bir sıra elmi əsərlər yaradılmışdır. M.Şirəliyev coğrafi ərazi prinsipi üzrə Azərbaycan dilinin dialekt və şivələrinin 4 qrupa bölmüşdür:

1) Azərbaycan dilinin Şərq qrupu dialekt və şivələri. Buraya Quba, Bakı, Şamaxı dialektləri və Muğan, Lənkəran şivələri daxildir.

2) Azərbaycan dilinin Qərb qrupu dialekt və şivələri. Buraya Qazax, Qarabağ, Gəncə dialektləri və Ayrım şivəsi aiddir.

3) Azərbaycan dilinin Şimal qrupu dialekt və şivələri. Buraya Nuxa dialekti və Zaqatala-Qax şivəsi daxildir.

4) Azərbaycan dilinin Cənub qrupu dialekt və şivələri. Buraya Naxçıvan, Ordubad, Təbriz dialektləri və Yerevan şivəsi daxildir.

Azərbaycan dilinin bu dialekt və şivələri arasında böyük uçurum yoxdur. Bunlar bir-birindən yalnız bir sıra fonetik, leksik və qramatik xüsusiyyətlərinə görə az-çox fərqlənir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA AZƏRBAYCANLILARI
LÜĞƏTLƏR