anadilim.az
anadilim.az

Qədim dilin yeni problemləri – “Bu addımlar Azərbaycan dilinə ziyan vurur”

1-08-2019, 20:08 24 dəfə baxılıb

Qədim dilin yeni problemləri – “Bu addımlar Azərbaycan dilinə ziyan vurur”Bu gün ölkəmizdə Azərbaycan Dili və Əlifbası Günü günü kimi qeyd olunur. 2001-ci il avqustun 9-da Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edilib.

Bu əlamətdar gün haqqında Modern.az-a danışan Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Möhsün Nağısoylu Azərbaycan dilinin müasir problemlərindən bəhs edib.

Onun sözlərinə görə, bu gün Azərbaycan dili ilə bağlı ciddi problem nəzərə çarpmır:

“Əsas məsələ dilin daşıyıcıları ilə bağlıdır. Azərbaycan dili ilə bağlı çətinlik odur ki, qloballaşma dövrüdür, dilə yeni sözlər daxil olur. Bəzi alınma sözlər var ki, cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Amma bu zamanın tələbi olduğuna görə qəbul etməliyik. Dilimizə daxil olan elə sözlər var, ana dilində qarşılığı yoxdur. Bunu tapmağa heç ehtiyac da qalmır, beynəlmiləl söz kimi dilimizə oturub.

Dil daşıyıcıları ilə bağlı problem isə ondan ibarətdir ki, dilə olan etinasızlıq, məhəbbətin azlığı, əcnəbi sözlərin yerli-yersiz işlədilməsi ilə bağlıdır. Üstəlik elə əcnəbi sözlər var, məişətimizə daxil olub. Əksəriyyətini rus dilindən götürdüyümüz bu sözlərin qarşılığı olsa da, insanlar onu işlətməkdən çəkinirlər. Məsələn, mətbəx sözünü “kuxna”, soyuducu yerinə “xolodilnik”, çəngəl əvəzinə “vilka” ifadələri işlədilir. Bu kimi addımlar dilimizə ziyan vurur”.

Dilçilik elminin zamanın tələbi ilə inkişaf etdiyini vurğulayan M. Nağısoylu yeni sahələrin yarandığını söyləyib. İnstitut sədri düşünür ki, bu baxımdan müasir elmi tələblərlə ayaqlaşmaq vacibdir:

“Azərbaycan dilinin qrammatik səviyyədə elmi nəşri axırıncı dəfə 1970-ci illərdə nəşr olunub. Bu qədər uzun müddətdə dünya elmi inkişaf edib, dilçilik üzrə yeni sahələr yaranıb. Ona görə, mən Dilçilik İnstitutuna təyin olunanda təklif etdim ki, Azərbaycan dilinin qrammatikasının yeni nəşrini hazırlayaq. Artıq hər kəs bu işə həvəslə girişib, Azərbaycan dilinin qrammatikasının akademik nəşrinin birinci cildi hazırdır. Bu cild “Fonetika” adlanır. İkinci cild “Leksika”, üçüncü cild “Morfologiya”, dördüncü cild isə “Sintaksis” olacaq. Müqayisə üçün deyim ki, 1970-ci illərdə çap olunan kitabda “Fonetika” və “Leksika” bir cilddə verilib. Cəmi 350-400 səhifəlik kitabdır. İndi çap olunan kitabda isə təkcə “Fonetika” cildi 700 səhifədən ibarətdir. Çünki Fonetikanın yeni sahələri yaranıb, başqa elmlərlə əlaqəsi şərh olunub”.

Nağısoylu dilçilərin ən çox qınaq obyektinə çevrildiyi məqamları da diqqətə çatdırıb:
“Bizi ən çox dilə daxil olan yeni sözlərə qarşılıq tapmamaqda qınayırlar. Düşünürəm ki, haqlıdırlar. Məsələn, qazaxlar, türklər və digərləri eyni kökdən gələn xalqlardır. Onlar dillərinə yeni daxil olan sözlərə qarşılıq verirlər. Bu mənada onların təcrübəsindən istifadə edilməsi məqəsdəuyğundur. Bizdə də bu sahədə işlər görülüb. Son zamanlar istədik ki, ictimaiyyət də bu prosesə qoşulsun, bəzi sözlərin qarşılığını təklif edib, ictimaiyyətin müzakirəsinə verdik. Məsələn, “adapter” yükləyici, “zaryadka” yükləmə, “maus” siçan, “razetka” yuvacıq, “udilnitel” uzadıcı və s. kimi təklif edildi. Bunu bəyənənlər də, bəyənməyənlər də var. Ancaq bütün alınma sözləri olduğu kimi dilimizdə saxlaya bilmərik. Məsələn, ingilislər kompüter bələdçisinə “maus” deyir, ruslar onu siçana bənzədiyinə görə “mışka” adlandırır. Biz onu niyə “siçan” adlandırmayaq?

Ötən il ölkə başçısının imzaladığı sərəncama uyğun olaraq, Azərbaycan dilinin elektron məkanda tətbiqi işinə başladıq. Azərbaycan dili elektron portalı istifadəyə verildi. 3 dildə təşkil olunan elektron portal 4 səhifədən ibarətdir. Azərbaycan dili ilə maraqlanan şəxs o portala daxil olanda Azərbaycan, rus və ingilis dillərində təqdim edilməklə dilimiz haqqında dolğun məlumat əldə edə bilər. Birinci “Ana səhifə”də Azərbaycan dili haqqında ümumi məlumat, ikinci səhifədə Azərbaycan dili ilə bağlı indiyə qədər verilmiş bütün sərəncamlar, üçüncü səhifədə Azərbaycanın məşhur dilçiləri, sonuncu səhifədə isə Azərbaycan dili ilə bağlı bütün araşdırmalar, lüğətlər, monoqrafiyalar və s. yerləşdirib. Dilimizin təbliği işinə xidmət üçün əcnəbilərin Azərbaycan dilini öyrənməsini asanlaşdıran dərsliklər hazırlamışıq”.

Son olaraq Möhsün Nağısoylu Azərbaycan Dili və Əlifbası Günü münasibətilə dilini sevən, qoruyan hər kəsi təbrik edib:

“Ana dili haqqında çox gözəl kəlamlar var, onları hər kəs bilməlidir:

Dilə olan sevgi bütün sevgilərdən üstün olmalıdır. (Ömər Faiq Nemanzadə)

Bir xalqın var-dövlətini, malını əlindən alsan, məhv olmaz. Dilini əlindən alsan, o xalq məhvə məhkumdur. (Konstantin Uşinski)

Ananın südü bədənin mayası olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs anasını sevdiyi kimi dilini də sevməlidir. (Firudin bəy Köçərli)

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan onun dilidir. (Heydər Əliyev)

Biz imperiyaların daxilində yaşamışıq. Amma bizi bir xalq kimi əsrlər boyu yaşadan, inkişaf etdirən dilimiz olub. (İlham Əliyev)”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA AZƏRBAYCANLILARI
LÜĞƏTLƏR